skip to Main Content
Kəskin Respirator Virus Infeksiyaları – KRVİ

Kəskin respirator virus infeksiyaları – KRVİ

Hal-hazırda fəslin birdən-birə qeyri-stabil dəyişməsi ilə əlaqədar həm uşaqlar, həm də böyüklər epidemiya şəklini almış KRVİ ilə xəstələnirlər. Kəskin respirator  virus infeksiyaları – kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir, infeksion toksikozun ümumi əlamətləri və əsasən tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur.

Bu qrup xəstəliklərə; qrip,paraqrip, adenovirus, respirator sinistial, rinovirus və reovirus infeksiyaları aiddir.

KRVİ-yer kürəsində ən çox yayılmış xəstəlikdir. Dünyada hər il 1 mlrd.-dan çox xəstə qeyd olunur. KRVİ əsasən uşaqlarda müşahidə olunur. Həyatının ilk ayında olan uşaqlar nadir hallarda xəstələnirlər, çünki onlar adətən təcrid şəraitində olunur və onlarda transplasentar passiv immunitet saxlanılır. Anadangəlmə immunitet olmadıqda və ya onun gərginliyi zəif olduqda bu uşaqlar da xəstələnə bilərlər.

Xəstələnmə ən çox həyatının ikinci yarımilində 3 yaşa qədər uşaqların payına düşür. Bu da onların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Statistikaya görə uşaq bağçasına gedən körpə KRVİ ilə birinci il 10 dəfəyə qədər, ikinci ili 5-7 dəfə, sonrakı illər isə 3-5 dəfə xəstələnə bilər. Təkrar xəstələnmə halları uşağın inkşafına xeyli təsir edir. Bu uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur, orqanizmdə allergizasiya prosesi yaradır, profilaktik peyvəndlərin aparılmasını gecikdirir, uşağın fiziki və psixi inkşafını ləngidir. Əksər hallarda tez-tez baş verən KRVİ asmatik bronxit, bronxial astma, xroniki pielonefrit, poliartrit, burun udlağın xroniki xəstəlikləri ilə patogenetik xüsusiyyətinə görə əlaqəlidir.

Xəstəliyə hər yerdə rast gəlinir. Epidemik və pandemik yayılmağa meyillidir. Virus dəyişkən olduğu üçün epidemik prosesin gedişində törədicinin rekombinant variantları əmələ gəlir ki, buna da əhali həssas olur. Belə həssaslıq xəstələrin sayının çox tez artmasına səbəb olur. İnfeksiya asanlıqla ötürülür və xəstəlik sürətlə yayılır. İnfeksiyanın ötürülməsi ancaq hava-damcı yolu ilə olur. Virus yuxarı tənəffüs yollarının selikli qişasından asqırma, öskürmə, danışıq və tənəffüs zamanı xaric olur və aerozol şəklində asılmış vəziyyətdə bir neçə dəqiqə saxlanıla bilər. Nadir hallarda infeksiya qulluq əşyaları, oyuncaqlar, əmzik, yataq ağları, qab-qaşıq vasitəsilə ötürülə bilər.

Klinik əlamətlər: Hərarətin yüksəlməsi, əzginlik, halsızlıq, əzələ və oynaq ağrıları, başgicəllənmə, iştahsızlıq, yuxu pozğunluğu, sayıqlama, ürək bulanma, qusma, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və burun qanaxması, huşun qısamüddətli itməsi, meningial əlamətlər, ənsə əzəzlərinin gərginliyi, üzün hiperemiyası, sklera damarlarının həssaslığı müşahidə oluna bilər. Yumşaq damaqda kiçik papulyoz enantema, qansızmalar, damaq badamcıqlarında ödem ola bilər. İntoksikasiya, petexial səpgilər, tərləmə, qırmızı dermoqrafizm, qarında ağrı və ishal ola bilər.

Ağırlaşmalar: Ocaqlı və ya seqmentar pnevmoniya-ağciyərlərin iltihabı, Otit-orta qulağın iltihabı, Sinusit-kəllə ciblərin iltihabı,irinli və ya irinli-nekrotik larinqotraxeit, meninqoensefalit, nevralgiya, nevrit, inaq, radikulonevritlər, bronxit, ağciyərlərin hemorragik ödemi və s.

Müalicə: xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.

Profilaktika: Xəstələrlə təmas mümkün qədər məhdudlaşdırılır. Otağın havası tez-tez dəyişdirilməlidir. Dezinfeksiya aparılmalıdır. Əllər antibakterial sabunla tez-tez yuyulmalıdır. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün asqırma və öskürmə zamanı burun və ağız boşluğu birdəfəlik dəsmalla qapanmalıdır. 4-6 qat maska taxılır və 4 saatdan bir dəyişdirilməlidir. Çox insanlar olan yerdən mümkün qədər uzaq olmaq lazımdır. Çirkli əllərlə göz, burun və ağız boşluğuna toxunmaq olmaz. Sağlam həyat tərzi keçirmək lazımdır. Təbii yollarla-yeməklərdə soğan və sarımsaqdan tez-tez isifadə etmək, bal və aloydan hazırlanmış ekstrakt qəbul etmək, normal yuxu saatı təxmini 8-10 saat olmalıdır. Günün çox hissəsini təmiz havada olmaq vacibdir. Vaxtaşırı aktiv dincəlmək lazımdır. Tərkibində vitamin və minerallarla zəngin qidalardan olduqca çox istifadə etmək önəmlidir.

Vaksinoprofilaktikası: Qripin spesifik profilaktikası üçün inaktivasiya olunmuş, öldürülmüş və diri vaksin preparatlarından istifadə olunur. Hər il qış fəslində uşaq xəstələnməsin deyə payız aylarında profilaktik olaraq vaksinasiya aparılır.

Qeyd: Çox vaxt virus xəstəliklərinin müalicəsi zamanı dərhal antibiotiklərdən istifadə edirlər. Əziz valideynlər, nəzərinizə çatdırmaq istəyirəm ki, antibiotik temperaturu salmaq üçün deyil. Övladlarınızı vaxtında pediatra müayinə üçün aparın ki, virus xəstəliklərdən fəsadlaşaraq hər hansi bir xəstəlikdən müalicə etməli olmayasınız. Ümumiyyətlə, profilaktika uşaqların sağlam gələcəyi üçün ən önəmli vasitədir.

Back To Top